Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, tələbələri, YAP-ın Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Adilə Abbasova, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri, Azərbaycan həkimi və yazıçısı Zərifə Quliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirdə Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, müasir Azərbaycanın yardıcısı, əbədi müstəqilliyimizin təminatçısı ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi ilə bağlı olduğunu vurğulayan Q.Novruzov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Natiq bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını qeyd edib. Sonda Akademiya rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıraraq, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər ümummilli lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dahi şəxsiyyətlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra tədbir Akademiya tələbələrinin “Ulu Öndər Heydər Əliyevin ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda şərəfli rolu” mövzusunda çıxışları ilə davam edib.