Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular

Gömrük Akademiyasının tələbələri Şanxay Gömrük Kollecinin beynəlxalq proqramından məzun oldular

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) üç tələbəsi -“İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Kamran Muradlı, “Beynəlxalq ticarət və logistika” ixtisasının III kurs tələbəsi Elmira Muqumova və II kurs tələbəsi Anar İmanov 2022/2023-cü tədris ilinin payız semestrində Çinin Şanxay Gömrük Kollecinin beynəlxalq virtual təhsil proqramında iştirak edərək yüksək göstəricilərlə məzun olublar. Akademiya tərəfindən aparılmış müsabiqə əsasında seçilən tələbələr Şanxay Gömrük Kolleci tərəfindən qəbul edilərək bir semestr ərzində beynəlxalq onlayn proqramda təhsil alıblar.

Semestrin sonunda proqramın onlayn formatda bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Şanxay Gömrük Kollecinin prezidenti prof. Konq Yuhao proqramın mahiyyətindən, tələbələrin qazandıqları yeni biliklərdən söz açıb. O, proqramın yaxın gələcəkdə ənənəvi formatda Şanxay şəhərində keçirilməsi imkanlarını vurğulayaraq, tərəfdaş ali təhsil müəssisələrinə, o cümlədən DGKA-ya da öz təşəkkürünü bildirib.

Daha sonra proqramda iştirak edən digər tələbələrlə yanaşı, DGKA-nın proqramdan məzun olan tələbəsi Elmira Muqumova da çin və ingilis dillərində çıxış edərək, özünün və digər tələbə yoldaşlarının proqramla bağlı təəssüratlarını bölüşüb.

2022-ci ilin sentyabr-dekabr aylarını əhatə edən dövr ərzində həyata keçirilmiş beynəlxalq təhsil proqramı səkkiz fənni - beynəlxalq gömrük idarəetməsi, tarif texnologiyaları, müasir logistika, sərhədlərarası elektron ticarət hüququ, çin dili, Çin gömrük idarəçiliyi, mədəniyyətlərarası biznes ünsiyyəti, iqtisadiyyatın prinsiplərini əhatə edib. Fənlər "VooV" platforması vasitəsilə tədris olunub.

Xatırladaq ki, əsası 1908-ci ildə qoyulmuş Şanxay Gömrük Kolleci Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu, "Bir kəmər, bir yol" təşəbbüsündə Çin gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurum və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzidir.

Sözügedən proqram ŞGK ilə əməkdaşlıq çərçivəsində DGKA-nın tələbələr üçün təşkil etdiyi növbəti beynəlxalq distant/onlayn təhsil imkanıdır. Qeyd edək ki, Gömrük Akademiyası da cari tədris ilinin payız semestrində ŞGK-nın 11 tələbəsi üçün xüsusi tədris proqramı təşkil edib.

 

10 Yanvar 2023 12:18
195