Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib

Dövlət Gömrük Komitəsinin 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib

Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib.

İclasda giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu Öndərin xatirəsinin daim yaşadılması, onun ideyaları, xalqımız, dövlətimiz qarşısındakı tarixi xidmətləri barədə danışıb. Qeyd olunub ki, Ümummilli Liderin gömrük əməkdaşları qarşısında proqram xarakterli çıxışı gömrük xidmətinin mühüm dövlət təsisatlarından biri kimi formalaşmasına zəmin yaratdı. O da vurğulanıb ki, gömrük orqanları fəaliyyətini hər zaman olduğu kimi, cari ildə də Ulu Öndərin milli dövlətçilik və azərbaycançılıq məfkurəsinə sədaqət prinsipi əsasında davam etdirəcəklər.

İclasda hesabat nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov 2022-ci ildə qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, 2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq deməkdir.

Hesabat dövründə 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 qr narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6%-ni daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir.

Hesabat nitqi ilə bağlı aparılan müzakirələrdən sonra çıxış edən Şahin Bağırov işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, bu sahədə gömrük orqanlarının qarşısında müəyyənləşdirilən vəzifələrin icrası məqsədilə bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

O da vurğulanıb ki, görülən işlərlə bağlı əsaslı təhlillər aparılmalı, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində düşünülmüş, elmi əsaslara söykənən addımlar atılmalı, idarəçilik təkmilləşdirilməli, müasir standartlara cavab verən gömrük modeli formalaşdırılmalıdır. Bu məqsədlə gömrük prosedurlarının və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, həyata keçirilən layihələrin və yeniliklərin səmərəliliyinin ölçülməsi, smart həllərin tətbiqinin genişləndirilməsi, müasir tələblərə cavab verən risk sistemlərinin qurulması, adekvat hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmalıdır. O da qeyd olunub ki, cari ildə gömrük orqanlarının fəaliyyət proqramında nəzərdə tutulan məsələlərin icrası-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük işinin təşkili prosesində şəffaflığın, gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artırılması, bütün sahələrdə fəaliyyətin səmərəli şəkildə qurulması  istiqamətində dayanıqlı həllər tətbiq edilməlidir.  

Sonra iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il üçün İş Planı”na dair təkliflərin təqdim edilməsi və cari il üzrə müəyyən olunmuş tədbirlərin tam yerinə yetirilməsi tapşırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Yanvar 2023 16:47
195