Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Yanvarın 21-də Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Görüş Dövlət Gömrük Komitəsinin pilot variantda tətbiqinə başladığı “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə sahibkarları və gömrük təmsilçilərini məlumatlandırmaq, onların fikir və rəylərini öyrənmək məqsədilə təşkil edilib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, gömrük işinin günün tələbləri səviyyəsində beynəlxalq standartlara uyğun şəkildə təşkili, şəffaflığın, əlçatanlığın artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, rəqəmsallığın genişləndirilərək təmasın minimuma endirilməsi məqsədilə gömrük sistemində institusional təkmilləşdirmələr aparılır, “Şəxsi hesab vərəqəsi” elektron xidməti də bu istiqamətdə tətbiq edilən mühüm yeniliklərdəndir. Yeni elektron xidmət biznes fəaliyyətinin, əməliyyatların, maliyyə-uçot sisteminin düzgün qurulmasına münbit şərait yaradır.
Daha sonra Komitənin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə canlı olaraq iştirakçılara izah edilib, sahibkarları və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi