Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib (FOTO, VİDEO)

Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib (FOTO, VİDEO)

2023-cü il "Heydər Əliyev ili" çərçivəsində gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib. 

Çempionatın açılışında iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onun ideyaları daim xalqımızın gələcəyinə işıq tutacaq. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub, gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat da bu məqsədlə təşkil edilib.

Çempionatın keçirilməsində məqsəd həm də gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaradılmasıdır.

İsveçrə sistemində keçirilən çempionat 9 turdan ibarət olub və 2 gün davam edib.

Çempionatda Dövlət Gömrük Komitəsinin bütün struktur bölmələrindən 72 nəfər gömrük əməkdaşı qatılıb. Oyunlar 40 dəqiqə davam edib və hər oyunçuya 20 dəqiqə vaxt verilib.

Çempionatı beynəlxalq dərəcəli hakimlər Lütfiyar Rüstəmov və Nurəli Məmmədzadə idarə ediblər.

Çempionatda 1-ci yerə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev, ikinci və üçüncü yerləri sırası ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları Rauf Əliyev və Vüqar Əliyev tutublar.

Qaliblər medallar və sertifikatlar ilə təltif olunublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Yanvar 2023 10:29
195