Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib
Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib
Yanvarın 30-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafının, daxili sabitliyinin memarıdır və onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin etibarlı üzvünə çevrilib.
Qeyd olunub ki, Ulu öndərin müdrik siyasəti və tövsiyyələri əsasında mühüm dövlət təsisatlarından biri kimi formalaşan gömrük orqanları Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi institusional islahatlar, innovativ yeniliklər hesabına müasir çağırışlara cavab verən quruma çevrilir.
Diqqətə çatdırılıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanları və onun əməkdaşları cari ildə də ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin təminatında, gömrük işinin daha səmərəli təşkili, xidmət səviyyəsinin, əlçatanlığın, vətəndaş, sahibkar məmnuniyyətinin artırılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.