Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub

Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub

Fevralın 23-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Ümumdünya Poçt İttifaqı (ÜPİ) arasında onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri - Bəhruz Quliyev, Cavad Qasımov, Natiq Şirinov, Komitənin aidiyyəti struktur bölmələrinin, Azərpoçt MMC-nin, ÜGT və ÜPİ-nin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev yeni çağırışlara uyğun olaraq poçt bağlamalarının gömrük rəsmiləşdirilməsinin müasir alət və qaydalardan istifadə etməklə tənzimlənməsinin və elektron ticarətin asanlaşdırılmasının hazırda aktual məsələlərdən biri olduğunu bildirib. Həmçinin poçt bağlamalarının rəsmiləşdirilməsinin sürətləndirilməsi, risk təhlillərinin effektivliyinin artırılması baxımından görüşün əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcək addımlarının müəyyənləşdirilməsi baxımından önəmi qeyd olunub.

Görüşdə poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə məlumat mübadiləsinin səmərəli şəkildə təşkili, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması, mövcud qanunvericiliyin tələbləri ilə bağlı məsələlər müzakirə olunub.

ÜPİ-nin mütəxəssisləri xüsusi təqdimatla çıxış edərək gömrük və poçt qurumları arasında məlumat mübadiləsinin təşkili mexanizmləri, bu istiqamətdə qanunvericiliyin tələbləri, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri barədə məlumat veriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Fevral 2023 19:53
195