Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti struktur bölmələrinin əməkdaşları, Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə nazirliyi yanında Vergi Komitəsi sədrinin birinci müavini Mubin Mirzəyev, Özbəkistan Respublikası Prezidenti yanında Strateji İslahatlar Agentliyinin idarə rəisi Mansurxoca Yusupxocayev, bu ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir kölgə iqtisadiyyatı ilə mübarizədə vergi və gömrük orqanlarının birgə fəaliyyəti, həyata keçirdikləri nəzarət tədbirləri, idxal-ixrac əməliyyatları zamanı risk profillərinin müəyyənləşdirilməsi və təhlili, qaçaqmalçılıqla mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənmək, məlumat mübadiləsinin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə keçirilib.

Görüşdə iki ölkənin xalqları arasındakı tarixi köklərə dayanan mehriban dostluq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük orqanlarının da əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Həmçinin Azərbaycan gömrüyündə son dövrlərdə aparılan təkmilləşdirmələrin, informasiya texnologiyalarına və rəqəmsal həllərə əsaslanan yeniliklərin əməliyyatların asan, sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın artırılması, gömrük-vətəndaş, gömrük-biznes təmasının minimuma endirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bu baxımdan əldə olunan təcrübələr, tətbiq edilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Mart 2023 17:06
195