Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib (FOTO, VİDEO)
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib (FOTO, VİDEO)
Martın 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Gömrük Komitəsində tədbir keçirilib.
Tədbir vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən qadınlara göstərilən qayğı, onların hüquqlarının qorunması və təbliğindən, Prezident İlham Əliyevin qadınların cəmiyyətin bütün sahələrində təmsil olunması istiqamətində həyata keçirdiyi uğurlu dövlət siyasətindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qadınların ictimai fəallığının artırılmasındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tarixən Azərbaycanda qadına yüksək dəyər verildiyi, onların cəmiyyətimizin inkişafında, gənc nəslin tərbiyəsi və vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığı vurğulanıb. Min bir zəhmətlə böyütdüyü qəhrəman oğullarını gözünü qırpmadan vətənə qurban verən şəhid analarımızın əsl Azərbaycan qadınının simvolu kimi yaddaşlara həkk olunduğu bildirilib. Mərasimdə şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin anası Həmidə xanım Hacıyeva da iştirak edib.
Qeyd olunub ki, qadınlarımız hazırda cəmiyyətin bütün sferalarında, o cümlədən gömrük orqanlarında uğurlu fəaliyyət göstərirlər və onların fədakar əməyi daim dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.
Tədbirdə gömrük orqanlarında fəaliyyət göstərən qadın əməkdaşların gündəlik iş fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi