Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub
Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub
Martın 14-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri ekspertlərinin görüşü keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan gömrük xidmətlərinin ekspertləri, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsinin əhəmiyyətindən, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasındakı rolundan danışıb. Bildirilib ki, dəhlizin cəlbediciliyinin artırılmasına töhfə vermək məqsədilə region ölkələrinin gömrük xidmətləri gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında sadələşdirilməsi, sərhədkeçmənin sürətləndirilməsi istiqamətində mühüm addımlar atır və görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssisləri “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit məlumatlarının etibarlı və təhlükəsiz elektron mübadiləsinin təmin olunması məqsədilə yaradılacaq Vahid Tranzit Portalı barədə məlumatları diqqətə çatdırıblar. Bildirilib ki, portal gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında daha asan və çevik şəkildə reallaşdırılmasına şərait yaradacaq.
Həmçinin Orta Dəhlizi boyu sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planının əsas məqsəd və vəzifələrinə dair təqdimat da nümayiş olunub.
Görüşdə hər iki məsələ ətrafında geniş müzakirələr aparılıb, eyni zamanda gömrük xidmətləri rəhbərlərinin iclasının Protokol layihəsi hazırlanaraq razılaşdırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi