Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan malların gömrük dəyəri ilə bağlı Aslanov Ramil Xurşud oğluna istinadən sosial şəbəkələrdə yayılan video görüntülər və söylənilən şəxsi mülahizələrə dair Dövlət Gömrük Komitəsi aşağıdakıları bildirir:
“Güvən 2012” MMC tərəfindən 2023-cü il 14 mart tarixində bəyan olunan mallara (3 adda mətbəx üçün su kranları, duş kranları, arko kranlar və onların hissələri) fiziki baxış zamanı malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğu müəyyən olunmuşdur.
Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq gömrük dəyəri ilə bağlı bəyannaməçiyə Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada rəsmi bildiriş təqdim olunmuşdur.
“Güvən 2012” MMC tərəfindən Aslanov Ramil Xurşud oğluna malların bəyan edildiyi 2023-cü il 14 mart tarixindən xeyli sonra, yəni 2023-cü il 4 aprel tarixində etibarnamə verilib, 2023-cü il 4 aprel tarixindən etibarən vətəndaş Komitənin vəzifəli şəxsləri tərəfindən 2023-cü il 7,8,11 aprel tarixlərində qəbul edilib. Keçirilən qəbullarda “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyərinin eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olduğu, gömrük dəyərinin fakta uyğun olmadığı, gömrük dəyərinin müəyyən edilməsi qaydaları barədə məlumatlar onun diqqətinə çatdırılmış, həmçinin izah edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada təqdim edilmiş bildirişi məhkəmə qaydasında mübahisələndirə bilər.
Gömrük – biznes əməkdaşlığının genişləndirilməsində marağını ifadə edərək Dövlət Gömrük Komitəsi könüllü riayətetmə, habelə malların keyfiyyət parametrlərinə uyğun dəyərlə bəyan edilməsi məsələlərinin diqqətdə saxlanılmasını sahibkarlardan xahiş edir.
Gömrük rəsmiləşdirilməsinin tez və rahat həyata keçirilməsi məqsədilə mal-müşayiət sənədlərinin (müqavilə, invoys, malın haqqının ödənişinə aid bank təsdiq sənədləri, ixrac ölkəsinin bəyannaməsinin surəti və s.) gömrük orqanlarına vaxtında təqdim etmələri sahibkarlara tövsiyə olunur.
(bəyan edilən və eynicinsli malların şəkilləri əlavə edilir)
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi