Daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Aprelin 19-da Bakı Baş Gömrük İdarəsində üçüncü şəxslər üçün mal idxal edən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Vergi Xidmətinin, Komitənin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələri iştirak ediblər.
Görüş Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan "E-İnvoys” layihəsi barədə iştirakçıları məlumatlandırmaq, onların fikir və rəylərinin öyrənilməsi, birgə müzakirələrin aparılması məqsədilə təşkil edilib.
Tədbirdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması, gələcək layihələr haqqında geniş məlumat verilib.
Daha sonra “E-İnvoys” layihəsi ilə bağlı geniş təqdimat nümayiş etdirilib, yeni platformanın üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, e.customs.gov.az portalı üzərindən təqdim edilən “E-İnvoys” elektron xidmətinin tətbiqindən sonra mallar barədə daha detallı məlumatlar gömrük orqanına təqdim olunacaq ki, bu da səmərəli risk analizlərinin aparılmasına, vaxt itkisinin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, uçot sisteminin şəffaf şəkildə qurulmasına, xidmət keyfiyyətinin artırılmasına, həmçinin asan həllərə nail olmağa imkan yaradacaq.
Qeyd olunub ki, hazırda pilot variantda tətbiq edilən layihə ilə bağlı sahibkarlarla da geniş müzakirələr aparılacaq.
Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi