Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib
Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti ilə görüş keçirilib
Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Şura sədri, Bəhreyn Krallığının Gömrük Xidmətinin prezidenti Şeyx Əhməd bin Həməd Əl Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Daha sonra Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlər və əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub. Ötən il Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında imzalanan “Gömrük Əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan məsələlərin reallaşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda gömrük nəzarəti, sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərində süni intellektin tətbiqi, hava yolu ilə daşınan tranzit yüklərə nəzarət prosesinin təkmilləşdirilməsi istiqamətində təcrübə və məlumat mübadiləsinin təşkili və inkişaf etdirilməsi, eləcə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair məsələlər müzakirə olunub.
Həmçinin ÜGT çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, təşkilatın Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi