“Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir
“Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir
Mayın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim başlayıb.
Təlimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri və Komitənin aidiyyatı strukturlarının 40-dan çox əməkdaşı iştirak edir.
Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə keçirilən təlimin məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni gücləndirmək, təcrübə mübadiləsi aparmaq, uğurlu metodları müzakirə etmək, gömrük əməkdaşlarının bu istiqamətdə potensialının, bilik və bacarıqlarını artırmaqdır.
Tədbirin açılışında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Azərbaycan gömrük xidmətinin hüquqi bazasından, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarından, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən uğurlu nəticələrdən danışıb.
Çıxış edənlər tədbirin əhəmiyyətindən söhbət açaraq, iştirakçılara uğurlar diləyiblər.
Mayın 4-dək davam edəcək təlimdə beynəlxalq ekspertlər modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınmasına dair biliklərini paylaşmaqla yanaşı, gömrük işi ilə bağlı təcrübələrini də müxtəlif təqdimatlarla nümayiş etdirəcəklər. Təlimdə, həmçinin yerli təcrübələr və əməliyyatlarla bağlı çıxışlar da nəzərdə tutulur.
Yekunda gömrükçüləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, iştirakçılara sertifikatlar təqdim ediləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi