Kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi mövzusunda vebinar keçirilib
Kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi mövzusunda vebinar keçirilib
Mayın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Qabaqcıl informasiya və kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi” mövzusunda vebinar keçirilib.
Vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 22 ölkənin gömrük administrasiyalarının 137 nümayəndəsi qatılıb.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov, ÜGT-nin Potensialın Gücləndirilməsi direktoratlığının rəhbəri Taeil Kang, ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktor vəzifəsini müvəqqəti icra edən Mirhəsən Seyidzadə çıxış edərək sərhəd təhlükəsizliyinin əhəmiyyətindən danışıb, onun milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri olduğunu diqqətə çatdırıblar. Texnologiyaların sürətli inkişafı, dünyada baş verən qloballaşma proseslərinin fonunda sərhəd təhlükəsizliyinin təmin edilməsinin mürəkkəbləşdiyi vurğulanıb, qabaqcıl texnologiyaların və kibertəhlükəsizlik tədbirlərinin tətbiqinin genişləndirilməsinin vacibliyinə diqqət çəkilib.
Tədbirdə Azərbaycan gömrüyünün sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb, həmçinin məlumat mübadiləsinin, qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyindən bəhs edilib.
Daha sonra mövzu ilə bağlı Ümumdünya Gömrük Təşkilatının, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzinin (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Cənub-Şərqi Avropa Hüquq Mühafizə Mərkəzinin (SELEC) və “Karmasis” şirkətinin Azərbaycanda yerləşən ofisinin mütəxəssisləri təqdimatlarla çıxış edib, təmsil etdikləri təşkilatların kibertəhlükəsizlik və qabaqcıl informasiya istiqamətində əldə etdikləri nailiyyətlər, qabaqcıl təcrübələr haqqında məlumat veriblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi