Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib (FOTO, VİDEO)

Gömrük əməkdaşları arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib (FOTO, VİDEO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə gömrük əməkdaşları arasında keçirilən “Şeir, hekayə və bədii qiraət” müsabiqəsinin qalibləri müəyyənləşib. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə keçirilən müsabiqənin məqsədi gömrük orqanı əməkdaşlarının ədəbi-bədii sahədə fərdi bacarıqlarının üzə çıxarılaraq inkişaf etdirilməsi, bu məqsədlə təşkil olunan tədbirlərdə onların fəal iştirakının təmin olunmasıdır.

Mayın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Ümummilli Lider Heydər Əliyevlə bağlı video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata, incəsənətə xüsusi diqqət göstərdiyini, onların əməyini daim yüksək qiymətləndirdiyini bildirib. Məhz Ulu Öndərin bu istiqamətdə təməlini qoyduğu mütərəqqi ənənələr hesabına Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi mühitdə özünə etibarlı yer qazandığını vurğulayan xalq yazıçısı, gömrük orqanları əməkdaşları arasında keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov mərasimdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata göstərdiyi hərtərəfli dövlət qayğısından bəhs edib. O da qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr, dahi şairlərimizin beynəlxalq səviyyədə keçirilən yubiley tədbirləri Azərbaycan ədəbiyyatının bütün dünyada layiqincə tanıdılmasında mühüm rol oynayıb. Ümummilli Liderin 100 illiyi münasibətilə keçirilən tədbirin gömrük orqanı əməkdaşlarının ədəbi-bədii sahədə fərdi bacarıqlarının üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin həyata keçirdiyi siyasətin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatımızın inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

 Qeyd edək ki, ümumilikdə müsabiqəyə təqdim olunan 19 şeir, 12 hekayə, 11 bədii qiraət nümunəsi Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

“Gömrük əməkdaşlarının müəllifi olduğu şeir müsabiqəsi” kateqoriyası üzrə Azərterminalkompleks Birliyinin əməkdaşı Hüseyn Bağırovun “Söz” şeri 1-ci, Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş  İdarəsinin əməkdaşı Ülvi Məmmədovun “Yaşa Azərbaycanın rəşadətli ordusu” şeri 2-ci, Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadənin “Yaradılışa dair” şeiri isə 3-cü yerə layiq görülüb.

Hekayə janrında Azərterminalkompleks Birliyinin əməkdaşı Hüseyn Bağırovun “Ağ buludun kəraməti” hekayəsi 1-ci, Azərterminalkompleks Birliyinin əməkdaşı Şəbnəm Quliyevanın “Çərşənbə ətri” hekayəsi 2-ci, Komitənin Hüquqi Təminat İdarəsinin əməkdaşı Nigar Məmmədzadənin “İnsan” hekayəsi isə 3-cü yeri qazanıb.

Münsiflər heyətinin yekdil qərarı ilə “bədii qiraət müsabiqəsi” kateqoriyası üzrə hər üç yer üçün iki qalib müəyyənləşdirilib.

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşı Aygün Ağayeva və Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Oksana Romanova bu kateqoriya üzrə 1-ci yerə layiq görülüblər.

Komitənin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin əməkdaşı Şəfa Ağayeva və İnzibati İdarəetmənin Təşkili İdarəsinin əməkdaşı İlqar Kərimbəyli 2-ci, Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı Vüqar Həmidli ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ramiz Balayev 3-cü yerin sahibi olublar.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 May 2023 22:19
195