Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir

Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir

Dövlət Gömrük Komitəsi gömrük sistemində süni intellektin tətbiqi sahəsində Türkiyə Respublikasının təcrübəsini öyrənir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri müxtəlif gömrük orqanlarında, o cümlədən Türkiyənin Bolqarıstanla sərhədində yerləşən “Kapıkule” gömrük-sərhəd keçid məntəqəsində olub, süni intellektin tətbiqi ilə risklərin idarəolunması və digər istiqamətlərdə həyata keçirilən əməliyyatlar, onun gömrük işinin səmərəliliyinin artırılmasına təsiri  ilə bağlı qardaş ölkənin təcrübəsini öyrəniblər.

İstanbul hava limanında sərnişinlərin sərhədkeçmə proseslərinin tənzimlənməsi, sərnişinlərə dair ilkin məlumatların təhlili proseslərini əyani şəkildə  izləyən nümayəndə heyətinin üzvləri TÜBİTAK-da (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) gömrük orqanları üçün  maşın öyrənmə metodlarının risklərin idarəolunması sistemində və X-ray cihazlarının  proqram təminatında tətbiqi məqsədilə hazırlanan məhsullarla tanış olublar.

Həmçinin səfər çərçivəsində  hava limanlarında sərnişinləri narahat edən qeyri-qanuni halların aradan qaldırılması və sərnişinlərə dair məlumatların əvvəlcədən paylaşılması ilə bağlı Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb.
 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 May 2023 18:55
195