Naxçıvanda gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi olub
Naxçıvanda gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi olub
Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Naxçıvan Baş Gömrük İdarəsində gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi olub. 30 gənc gömrükçü təntənəli surətdə and içiblər.
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanında keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev and içən əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb.
Sonra Dövlət Bayrağı Muzeyi ilə də tanış olan gənc gömrükçülər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.
Sonda gənc gömrükçülər Naxçıvan Muxtar Respublikası Heydər Əliyev Muzeyi ilə də tanış olublar. Muzeyin yaradılması barədə ətraflı məlumat verilərək bildirilib ki, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərən muzeydə 5 mindən çox eksponat mühafizə olunur.
Qeyd edilib ki, zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi