Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir

Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir

Mayın 23-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə həyata keçirdiyi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası başlayıb.  

İclasın məqsədi “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsi çərçivəsində cari fəaliyyətin nəzərdən keçirilməsi, praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə prioritetlərin və ehtiyacların müzakirə edilməsidir.  

Tədbirdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

İclasda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətlərinin, BMT, ÜGT və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsinin beynəlxalq ticarətin və tranzitin, region ölkələrinin inkişafı, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, gömrük sahəsində hüquqpozmalara, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına qarşı mübarizədə mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.

Həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində regional əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi, kinoloji sahədə digər dövlətlərə göstərilən dəstək, nakotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində atılan addımlar barədə də məlumat verilib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib. Bildirilib ki, proqram çərçivəsində qurulan əməkdaşlıq gömrük hüquqpozmalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, ticarətin asanlaşdırılması baxımından da əlavə imkanlar yaradır. Aşita Mittal Dövlət Gömrük Komitəsinin təşəbbüsü əsasında Orta Dəhliz ölkələrinin gömrük xidmətlərinin iştirakı ilə formalaşdırılan Tranzit Portalı layihəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan gömrüyünün narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Tədbirdə çıxış edənlər əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi baxımından iclasın əhəmiyyətindən bəhs ediblər.

İki gün davam edəcək iclasda “Qlobal Konteynerlərə Nəzarət Proqram”ının reallaşdırılması istiqamətində ölkələrin səyləri, Gömrük Xidmətlərinin və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin yaradılması haqqında Anlaşma Memorandumunun icrası, gömrük orqanları ilə özəl sektor arasındakı əməkdaşlığın inkişafına dair milli strategiyalar, ehtiyacların və prioritetlərin müəyyənləşdirilməsinə dair məsələlərlə bağlı iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdiriləcək, müzakirələr aparılacaq.

Mayın 25-də isə “Qlobal Konteynerlərə Nəzarət Proqram”ı çərçivəsində iclasda təmsil olunan nümayəndələr üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda bir günlük seminar keçiriləcək. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 May 2023 15:32
195