Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib

Mayın 25-də Bakı şəhərində 10 ölkənin gömrük orqanı nümayəndələrinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib. 

Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan “Qlobal Konteynerlərə Nəzarət Proqramı” çərçivəsində Dövlət Gömrük Komitəsinin dəstəyi ilə təşkil edilib.

Seminarda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətləri, BMT və ÜGT-nin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə Azərbaycanda görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət proqramında nəzərdə tutulan əsas prinsiplərdən biri də şəffaflığın təmin olunmasıdır və ölkəmizin gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlılığının təmin olunması istiqamətində bütün zəruri addımları atırlar.

Seminarda çıxış edən BMT və ÜGT təmsilçiləri tədbirin korrupsiyaya qarşı mübarizə istiqamətində müasir və qabaqcıl təcrübələrin paylaşılması, potensialın və məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbir çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, ÜGT və “Qlobal Konteynerlərə Nəzarət Proqramı”nın mütəxəssisləri tərəfindən hüquq-mühafizə və digər dövlət orqanları sistemində tətbiq edilən strateji mexanizmlər, ÜGT-nin strateji sənədləri və onların həyata keçirilməsi, qabaqcıl təcrübələr barədə təqdimatlar nümayiş etdirilib, qrup tapşırıqları icra olunub və müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 May 2023 17:02
195