Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib
Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın rəisi Qulu Novruzov tədbirdə çıxış edərək Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd edib. Q. Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademiya rəisi 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycanın artıq regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini qeyd edib.
Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq onun şanlı tariximizdəki yeri və rolundan, bir sıra sahələrin inkişafında həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd edib.
Daha sonra tədbirdə 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olunub.