Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib

Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib

1 iyun tarixində Mərkəzi Gömrük Hospitalına gələn bütün balaca uşaqlar al-əlvan şarlar ilə qarşılanıblar. Tədbirə dəvət olunmuş məzəli animatorlar isə uşaqlar arasında əyləncəli oyunlar keçiriblər.

Balaca pasiyentlər ziyarət olunub, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ən səmimi təbriklər çatdırılıb. Bildirilib ki, uşaqların müdafiəsi, onların daim böyüklərin diqqəti və qayğısı, nəvazişi ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı daima balaca fidanlara məhəbbətlə yanaşır, onların sağlam və gümrah böyümələri üçün yüksək səviyyədə tibbi xidmət göstərirlər. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə Uşaq Evində də tibbi-sosial aksiya keçirib. 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, Mərkəzi Gömrük Hospitalının tibb heyəti iştirak ediblər. 

Tədbir iştirakçıları Gəncə Uşaq Evinin sakinlərini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən tibbi-sosial aksiyalar barədə məlumat verilib, bu tədbirlərin davamlı olacağı qeyd edilib. 

Sonra Gəncə Uşaq Evinin sakinləri bədii kompozisiya ilə çıxış ediblər. 

Mərkəzi Gömrük Hospitalının həkimləri Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinədən keçirib, məsləhət verib və onların hər birinə kitab hədiyyə ediblər. 

Eyni zamanda uşaq evinin müəllimləri, tərbiyəçiləri və sakinləri üçün müvafiq təlimlər keçirilib.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 İyun 2023 18:39
195