Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün seminar keçirilib

Gömrük əməkdaşları üçün seminar keçirilib

İyunun 16-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün seminar keçirilib.

Gömrük orqanı əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə təşkil edilən seminar “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, mədəniyyət məhsullarının, canlı heyvanların və bitkilərin, eləcə də xidməti və mülki silahların gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi” mövzusunda olub.

Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin ekspert qismində qatıldığı təlimdə Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin 30-a qədər əməkdaşı iştirak edib.

Təlimdə dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi, mülki silahların ölkə ərazisinə gətirilməsi və aparılması, CİTES Konvensiyası və icazə sertifikatının verilməsi, muzey işi və daşınan mədəni sərvətlərin müvəqqəti və ya daimi ixracı prosesi, fiziki şəxslər tərəfindən canlı heyvan və bitkilərin gömrük sərhədindən keçirilməsi ilə bağlı bir sıra təqdimatlar nümayiş etdirilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 İyun 2023 18:19
195