Külli miqdarda siqareti portağal yeşiklərinin arasında xüsusi üsulla gizlətdi
Külli miqdarda siqareti portağal yeşiklərinin arasında xüsusi üsulla gizlətdi
Siqaret və digər tütün məhsullarının qaçaqmalçılığı beynəlxalq ictimaiyyət tərəfindən qlobal problem kimi dəyərləndirilir. Onların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması gömrük orqanlarının prioritet vəzifələrindən biri olmaqla bu istiqamətdə əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi, risklərin idarəedilməsi sisteminin tətbiqi üzrə kompleks tədbirlər həyata keçirilir.
Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İran İslam Respublikasından idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib. Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 23846 qutu “Kent”, 7980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948320 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd edək ki, külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur.
Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi