Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Gömrük inkişaf modeli

Gələcəyə Baxış Bəyanatı
  •    Beynəlxalq ticarət iştirakçıları və vətəndaşların məmnuniyyətini təmin etmək;
  •    Dayanıqlı və şaxələndirilmiş ölkə iqtisadiyyatına dəstək olmaq;
  •    Gömrük inzibatçılığını beynəlxalq təcrübəyə uyğunlaşdırmaq;
  •    Şəffaflıq və aşkarlıq şəraitində büdcə daxilolmalarının dayanıqlılığını təmin etmək;
  •    Azərbaycan Respublikasının milli və iqtisadi maraqlarını etibarlı surətdə müdafiə etməklə  
  •    regionun ən  nüfuzlu gömrük xidməti olmaq.
Missiya Bəyanatı

Azərbaycan Respublikasının Gömrük Xidməti innovativ, güclü, stabil və tamamilə avtomatlaşdırılmış, tərəfdaşlar tərəfindən peşəkar, şəffaf və yüksək səviyyəli xidmətləri ilə məlum olan, beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi, eyni zamanda beynəlxalq ticarətin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyən bir xidmət kimi tanınmalıdır.

  •  Gömrük xidmətlərini hamı üçün əlçatan və əlverişli səviyyəyə yüksəltmək;
  • Risklə ölçülmüş nəzarət mexanizmləri tətbiq etmək, gömrük inzibatçılığını çevik və optimal vəziyyətə gətirmək;
  • Malların, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhəd keçidində ölkənin təhlükəsizliyinin təmin edilməsinə nail olmaq və gömrük prosedurlarını rəqəmsallaşdırmaqla ticarəti asanlaşdırmaq;
  • Ölkənin iqtisadi maraqlarına cavab verən xarici ticarət əlaqələrinə, həmçinin qeyri-neft ixracının stimullaşdırılmasına əlverişli şərait yaratmaq;
  • İstedadlı və peşəkar kadr heyəti formalaşdırmaq, innovativ gömrük modeli yaratmaqla rəqabətqabiliyyətli iqtisadiyyata töhfə vermək.

 

Gömrük İNKİŞAF modeli

 

Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədilə öz fəaliyyətini “Gömrük İNKİŞAF modeli”nə uyğun olaraq davam etdirir. İNKİŞAF modelinin ideoloji izahı düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir. 

 

“Gömrük İNKİŞAF modeli” 7 əsas komponentdən ibarətdir:

İstiqamət – bu komponent düzgün istiqamətdə hərəkəti ifadə edir. Belə ki, İNKİŞAFA doğru aparan ən düzgün, optimal və qısa yolların müəyyən edilməsi nəticədə əldə edilmiş həllərin və nailiyyətlərin cəmiyyətin sosial sifarişinə əsaslanan prioritet məsələlərin müəyyən edilməsinə köməklik göstərir.

Novator – bu komponent müasir dövrün tələblərinə uyğun yüksək texnologiya məhsullarının ən son nailiyyətlərinin tətbiqi ilə ərsəyə gələn alətlərin və mexanizmlərin geniş şəkildə gömrük sistemində istifadəsi ilə tamamilə yeni həllərin hazırlanmasını ifadə edir.

Keyfiyyət – bu komponent tətbiqinə başlanılmış layihələrin kəmiyyət göstəricilərini istisna edərək daha çox keyfiyyət göstəricilərinə fokuslanaraq təkmilləşdirilməsini əks etdirir.

İşgüzar – bu komponent komanda ruhunu, dürüstlüyü və nəticəyönümlü  fəaliyyəti təşviq edən, karyera yüksəlişi üçün motivasiya parametrlərini müəyyən edən, əməyin göstəricilərlə qiymətləndirilməsinə imkan verən insan resurslarının cəlb edilməsini özündə birləşdirir.

Şəffaf – bu komponent həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətin göstərilməsini səciyyələndirir.

Asan – bu komponent vətəndaşlar və biznes subyektləri üçün istifadəçi yönümlü, rahat və vaxt itkisinə səbəb olmayan həll və alətlərin tətbiqinə başlanılmasını ifadə edir.

Faydalı – bu komponent vətəndaşlar və biznes subyektləri üçün özünüdoğruldan və nəticəyönümlü həll və alətlərin hazırlanaraq istifadəyə verilməsini səciyyələndirir.

“Gömrük İNKİŞAF modeli”nin cəmiyyətdə mahiyyəti üzrə məna yükündən irəli gələn son məqsədlərinə nail olmaq üçün Dövlət Gömrük Komitəsinin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan “Gömrük xidmətinin Fəaliyyət Proqramı” hazırlanmışdır. Fəaliyyət Proqramında İNKİŞAF modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib məsələlər müəyyən edilmişdir. Bu məsələlər 4 kateqoriyada birləşdirilmişdir:

1. Gömrük dəyəri və ödənişlər:

1.1. Gömrük dəyərinin müəyyən edilməsi işinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması; 

1.2. Gömrük rüsum dərəcələrinin və gömrük yığımlarının tətbiqi, malların təsnifatlandırılması;

 

2. Sərhəd keçidi:

2.1.  Nəqliyyat vasitələri və kommersiya təyinatlı mallarla bağlı sərhəd keçidi;

2.2. Fiziki şəxslərin və onlara məxsus qeyri-kommersiya təyinatlı malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi, o cümlədən beynəlxalq poçt göndərişləri;

2.3.   Gömrük rəsmiləşdirilməsinin gömrük sərhəd buraxılış məntəqələrinə qədər həlli;

 

3. Proses və prosedurlar:

3.1.  Gömrük qanunvericiliyinin tətbiqi; 

3.2. Gömrük rəsmiləşdirilməsinin biznes proseslərinin və xüsusi gömrük prosedurlarının (saxlanc, daxildə emal, müvəqqəti idxal) təkmilləşdirilməsi;

3.3. İnzibati və hüquqi tədbirlərin icrası (ixrac olunan mallar müqabilində əldə olunmuş valyuta sərvətlərinin ölkəyə gətirilməməsi və s.);

3.4.   Səlahiyyətlər və iş yükünün bölgüsü.

 

4. Sistem və alətlər:

4.1.   Elektron xidmətlərin təkmilləşdirilməsi;

4.2.   Gömrük əməliyyatları üzrə şəxsi uçot vərəqəsinin olmaması;

4.3.   Gömrük təmsilçiləri və anbarlar; 

4.4.   Əsas fəaliyyət göstəriciləri (ƏFG);

4.5.   Şəxslərlə əlaqələrin idarə edilməsi (CRM); 

4.6.   Xarici tərəfdaşlar və digər qurumlarla məlumat mübadiləsi və koordinasiya; 

4.7.   Könüllü riayətetmə və ticarət-təchizat zəncirinin təhlükəsizliyi (Səlahiyyətli İqtisadi Operatorlar, Məcburi qərarlar);

 

Qeyd olunan məsələlər “Gömrük İNKİŞAF modeli”nin keyfiyyət komponentinə uyğun olaraq tətbiqinin çətin və asan, təsirinin isə kiçik və böyük olmasından asılı olaraq təsnif edilmişdir.

Daha sonra İNKİŞAF modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə İşçi qruplar yaradılmış və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılmışdır.

İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələrin bəziləri tamamlanmış, bəzilərinin isə icrası davam etməkdədir.

 

Tətbiq edilən layihələr:

- Elektron Hesab Səhifəsi;

- Dövlət Gömrük Komitəsinin vahid xəzinə hesabı;

- Mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında həyata keçirilməsi;

- Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası;

- Gömrük dəyərinə düzəliş bildirişinin 24 saat ərzində verilməsi;

- Təminat üsullarından istifadə etməklə malların buraxılışı;

- Məcburi qərarlar;

- Səlahiyyətli İqtisadi Operator Proqramı;

- Ekspertiza rəyləri üçün vahid baza;

- Sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi;

- Avro-4 sertifikatının elektron formada verilməsi;

- Tərkibində əqli mülkiyyət obyektləri olan malların elektron reyestri;

- Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri ilə bağlı təminatın ilkin məbləğinin 5000 manat müəyyən edilməsi;

- Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin fəaliyyətinin qiymətləndirilməsi;

- Gömrük rəsmiləşdirilməsi prosesinin şəxsin seçimi əsasında gömrük ərazisinin istənilən yerində həyata keçirilməsi;

- Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə real vaxtda nəzarət sistemi;

- "Smart bot" mobil xidməti;

- Dövlət Gömrük Komitəsinin struktur vahidlərində vətəndaş müraciətlərinin bir nöqtədən koordinasiyasını təmin edən “Vətəndaşlara xidmət pəncərələri”;

- Malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən "XİF MN Tövsiyə Sistemi";

- Komitənin rəsmi internet səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqi;

- Gömrük ödənişlərinin onlayn kalkulyator vasitəsilə hesablanması imkanı.

 

İcrası davam edən layihələr:

- Beynəlxalq standartlara uyğunlaşdırılan yeni Gömrük Məcəlləsi;

- Elektron ticarətdə risk əsaslı gömrük nəzarəti;

- Gömrük xidmətlərinə bir məkandan çıxış imkanı – ÖzüNET;

- Orta dəhliz boyu “Bir pəncərə” prinsipi ilə yaradılan “Transxəzər Gömrük Tranzit Portalı”;

- Xarici ticarət fəaliyyətinin tənzimlənməsinin real vaxt rejimində bir nöqtədən həyata keçirilməsini təmin edən “Vahid idxal-ixrac portalı” (VİP);

- Dövlət Gömrük Komitəsinin struktur vahidləri üzrə Əsas Fəaliyyət Göstəriciləri (ƏFG);

- İdxal-ixrac əməliyyatlarına dair müxtəlif statistik məlumatları analiz etməyə imkan verən “Gömrük Dinamik Məlumat Paneli”;

- Gömrük əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsi zamanı təhlükəsizliyinin, vətəndaş münasibətlərində etik davranış qaydalarına riayət edilməsinə nəzarəti təmin edən “Yaxa kameraları”;

- Prosedur növləri üzrə müraciət formalarının vahid ərizə formasına gətirilməsinə imkan verən “Gömrük qərarlar sistemi”;

- Daşıyıcı məlumatlandırma və qeydiyyat sistemi;

- Xüsusi gömrük prosedurlarının monitorinqi sistemi;

- Gömrük dəyərinin müəyyən edilməsi üsullarının izahedici qeydləri;

- Gömrük portalı və «Smart Customs» mobil tətbiqinin təkmilləşdirilməsi.

 

Planlaşdırılan layihələr:

- Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi;

- Elektron sənəd dövriyyəsində süni intellektin tətbiqi;

- Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin cavablandırılmasında süni intellekt əsaslı proqram vasitələrindən istifadə edilməsi;

- Dəyər və kəmiyyət hədləri əsasında gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə ixracda “De minimis” həddinin tətbiqi;

- İxrac gömrük prosedurunda və digər xüsusi gömrük prosedurlarında “Dərhal buraxılış” sisteminin tətbiqi;

- Mallar ölkənin gömrük ərazisinə gətirilmədən əvvəl gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi imkanının yaradılması;

- “Elektron Hesab Səhifəsi”ndə dəbbə pulunun əməkdaşlar tərəfindən manual qaydada deyil, vahid yanaşma tətbiq etməklə sistem tərəfindən avtomatik hesablanması, həmçinin müvəqqəti idxal xüsusi gömrük prosedurunda gömrük ödənişlərinin avtomatik hesablanması və tutulması.

Gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib digər məsələlər də daxil edilməklə “Gömrük İNKİŞAF modeli”nin implementasiyası qarşıda duran əsas prioritetimizdir.

195