Gömrük əməkdaşları arasında Atıcılıq idman növü üzrə çempionat keçirilib
Gömrük əməkdaşları arasında Atıcılıq idman növü üzrə çempionat keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi əməkdaşları arasında Atıcılıq idman növü üzrə çempionat keçirilib.
Gömrük Əməkdaşlarının Həmkarlar İttifaqının dəstəyi ilə Bakı Atıcılıq Mərkəzinidə təşkil olunan çempionatın məqsədi gömrük əməkdaşlarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılmasıdır.
Çempionatda Dövlət Gömrük Komitəsinin struktur bölmələrindən 8-i qadın olmaqla 101 nəfər gömrük əməkdaşı iştirak edib. Yarışlar 3 mərhələdə pnevmatik silahlardan 10 metr məsafəyə atəş növü üzrə keçirilib.
Yarışları Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Komitə sədrinin müavinləri, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı Atıcılıq Mərkəzinin direktoru Tamerlan Hacıyev də izləyiblər.
Qadınlar arasında yarışda Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin idmançıları Mələkxanım Məmmədova, Pəri Məmmədli, Leyla Atayeva sırası ilə 1, 2 və 3-cü yerləri tutublar. Kişilər arasında 1-ci yeri Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Məhərrəm İsmayılov, 2-ci yeri Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Baba Hüseynov, 3-cü yeri isə Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Müdürxan Rəhimov qazanıb.
Qaliblərə, eləcə də Bakı Atıcılıq Mərkəzinin əməkdaşlarına diplomlar və hədiyyələr təqdim olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi