Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən minifutbol turniri başa çatıb

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən minifutbol turniri başa çatıb

Oktyabrın 17-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş minifutbol turniri başa çatıb. Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazisində yerləşən gömrük idarələri arasında keçirilən turnirdə ümumilikdə 10 komanda 2 qrupda mübarizə aparıb.

Turnirin sonuncu günündə final qarşılaşması və 3-cü yer uğrunda mübarizə aparan komandaların oyunları  keçirilib.

Qarşılaşmalardan əvvəl torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Azərterminalkompleks” Birliyi ilə Baş  Gömrük Mühafizə Xidməti İdarəsinin komandaları arasında 3-cü yer uğrunda keçirilən oyun ikincilərin qələbəsi ilə başa çatıb.

Finalda Dövlət Gömrük Komitəsinin Aparatının və Bakı Baş Gömrük İdarəsinin komandaları üz üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun Bakı Baş Gömrük İdarəsinin inamlı qələbəsi ilə başa çatıb.

Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə yanaşı, şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin valideynləri də iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, hərtərəfli bilik və bacarıqlara malik gömrük əməkdaşı olan Ülvi Hacıyev torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək əsl vətənpərvərlik, qəhrəmanlıq nümunəsi göstərib və onun əziz  xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.  

Qeyd olunub ki, şəhidlərin uğrunda can verdikləri müqəddəs amallar həyata keçdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti hesabına rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.

Şəhid Ülvi Hacıyevin atası Şirin Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin ərazi bütövlüyümüzü bərpa etdiyini vurğuladı və üçrəngli bayrağımızın Xankəndində dalğalanması münasibətilə hər kəsi təbrik etdi.

Daha sonra qaliblər mükafatlandırıldı.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Oktyabr 2023 22:31
195