Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi keçirilib
Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi keçirilib
Oktyabrın 21-dən 24-dək Türkiyənin Mardin şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və “Qala Mükafatlandırma”mərasimi təşkil edilib.
“İdmanda zorakılığa, təqiblərə və aldatmalara qalib gəlmək üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edən Konqresdə 15 ölkədən 50-dək nümayəndə iştirak edib.
AƏOH-un yaradılmasının 30-cu ildönümünə təsadüf edən tədbirdə ölkəmizi AƏOH-un İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil edib.
Oktyabrın 22-də AƏOH-un İcraiyyə Komitəsinin və Konqresin Təşkilat Komitəsinin üzvlərinin Mardin valisi Tuncay Akkoyunla görüşü olub.
Görüşdə AzƏOK sədri Xəzər İsayev tərəfindən Tuncay Akkoyuna ədalətli oyunlar komissiyası adından Türkiyə və Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərini təcəssüm etdirən təşəkkürnamə təqdim olunub. Mardin valisi öz növbəsində Xəzər İsayevə xatirə plaketi təqdim edib.
Həmin gün Atatürk Mədəniyyət Mərkəzində keçirilən “Qala mükafatlandırma” mərasimində Avropa Ədalətli Oyunlar Hərəkatının sayca 38-ci mükafatlarının qaliblərinin adları açıqlanıb.
Əvvəlcə italiyalı futbolçu Antimo Yunkoya AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev tərəfindən “idmanda etik dəyərlərin təbliğinin vacibliyi” kateqoriyasında fair play mükafatı təltif olunub.
Daha sonra AzƏOK tərəfindən namizədliyi irəli sürülən qurumun məsul katibi Aysel Sultanova idmanda və gündəlik həyatda etik dəyərlər və Fair Play ideallarının təbliğinə görə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının (AIPS Europe) himayəsi altında - EFPM "Fair Play Vox" mükafatı ilə təltif edilib.
Mükafat Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Ərdoğan Aripinar və kanoe üzrə latviyalı Olimpiya çempionu İvans Klementyevs tərəfindən təqdim edilib.
Oktyabrın 23-də Mardində AƏOH-un Konqresi öz işini uğurla davam etdirib.
Konqresdə yerli və beynəlxalq mütəxəssislər tərəfindən mövzu ətrafında məruzələr təqdim olunub.
Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri arasında interaktiv seminar təşkil edilib.
AzƏOK sədri Xəzər İsayev Azərbaycan Milli Olimpiya Komitəsi adından Avropa Ədalətli Oyunlar Hərəkatına 30 illiyi münasibətilə xatirə plaketi və MOK tərəfindən ünvanlanan rəsmi təbrik məktubunu təqdim edib.
Eləcə də Azərbaycan tərəfindən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti Ərdoğan Aripinar və Konqresin Təşkilat Komitəsinin sədri Mehmet Samsaya ədalətli oyun sahəsində qarşılıqlı əməkdaşlığ və bu sahənin təbliğinə verdikləri dəstəyə görə mükafat təqdim edilib.