Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhid gömrükçü Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib

Şəhid gömrükçü Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrükçü Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

İlk olaraq Dövlət Gömrük Komitəsinin kollektivi  İkinci Şəhidlər xiyabanına gələrək Ülvi Hacıyevin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.

Anım tədbiri Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə çıxış edən şəhid anası Həmidə Qurbanova övladının cismən olmasa da ruhən onunla birlikdə olduğunu bildirib. “Şəhidlik zirvəsinə ucalmaq onun arzusu idi. Ülvi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli həyat və döyüş yolundan örnək alaraq onun kimi yüksək mərtəbəyə ucalmaq istəyirdi”-deyə sözünə davam edən Həmidə xanım Ülvinin 2020-ci ildə Vətən müharibəsi başlayanda karyerasını, işini, doğmalarını geridə qoyaraq könüllü ön cəbhəyə yollandığını, Vətəninə olan sevgisini hər şeydən üstün tutaraq ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan hərbi əməliyyatlara qoşulduğunu və  oktyabrın 19-da şəhidlik zirvəsini ucaldığını diqqətə çatdırıb. “Mən onunla qürur duyuram. Şəhidlər hamımızın övladıdır, onları bir-birindən ayırmırıq. Mənim Ülvi kimi minlərlə oğlum var. Ülvi kimi qəhrəmanların sayəsində biz həsrətində olduğumuz torpaqlara və Zəfərə qovuşduq”.

Sonra şəhidimizin doğum günü münasibətilə keçirilən mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı  tarixi Zəfərdən, qəhrəmanlarımızın keçdiyi döyüş yolundan, şəhid ailələrinə, qazilərə  və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Daha sonra  şəhid gömrükçü Ülvi Hacıyevin həyat yolu barədə geniş  məlumat verilib. Onun bütün gənclər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi  olduğu, xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı xüsusi olaraq vurğulanıb.

 Tədbir bədii hissə ilə davam edib, mahnı və şeirlər səsləndirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Noyabr 2022 09:58
195