Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət qurumları arasında intellektual oyun keçirilib (FOTO, VİDEO)

Dövlət qurumları arasında intellektual oyun keçirilib (FOTO, VİDEO)

Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.

“Gülüstan” sarayında keçirilən tədbirdə 37 dövlət qurumunu təmsil edən komandalar iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində təhsilə, gənc nəslin yetişdirilməsinə, onların fərdi bacarıqlarının aşkar edilməsi və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və yarış iştirakçılarına uğurlar arzulayıb.   

Tədbirdə münsiflər heyətinin üzvləri - Vüqar Rəhimzadə və Leyla Hüseynova da çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətindən bəhs ediblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, intellektual oyun 7 turdan, 42 sualdan ibarət olub. İkinci turun sualları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib. 

Yarışın nəticələrinə görə İqtisadiyyat Nazirliyinin "Mineco" komandası I, Dövlət İmtahan Mərkəzinin "DİM" komandası II, Xarici İşlər Nazirliyinin “Diplomat” komandası isə lll yerin qalibi olublar. Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2023 12:55
195