Uşaq evləri gənclərinin rəsm əsərləri və əl işlərinin sərgisi keçirilir
Uşaq evləri gənclərinin rəsm əsərləri və əl işlərinin sərgisi keçirilir
İyunun 14-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində 1 və 3 saylı uşaq evləri gənclərinin rəsm əsərləri və əl işlərinin nümayiş olunduğu sərginın açılışı olub.
Xətai Sənət Mərkəzində təşkil edilən sərgi uşaq evləri sakinlərinin yaradıcılıq qabiliyyətlərinin və fərdi bacarıqlarının geniş ictimaiyyətə çatdırılması məqsədilə keçirilir.
Sərgidə hər iki uşaq evinin sakinlərinin müxtəlif janrlarda hazırladıqları maraqlı rəsm əsərləri, toxuculuq nümunələri, muncuq və daş-qaşdan hazırlanan əl işləri nümayiş olunur.
Açılışda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov sərginin 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini xatırladaraq ölkəmizdə uşaqların təhsili, sağlamlığı, fərdi bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən söhbət açıb. Həmçinin uşaqların istedadlarının üzə çıxarılması və qiymətləndirilməsi, onların bacarıqlarının geniş ictimaiyyətə çatdırılmasının önəmindən bəhs edilib.
1 və 3 saylı uşaq evlərinin rəhbərləri uşaqların rəssamlıq və əl işləri sənətinə böyük maraq göstərdiklərini qeyd edib, onların fərdi bacarıqlarının inkişafı baxımından sərginin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha sonra Komitə rəhbərliyi uşaqlarla söhbət edib, onların rəsmləri və əl işləri ilə yaxından tanış olub.
Tədbir çərçivəsində peşəkar münsiflər tərəfindən rəsm və əl işləri kateqoriyaları üzrə sərginin ən yaxşı əsərləri müəyyənləşdirilib. 1, 2 və 3-cü yerləri tutan əsərlərin müəllifləri diplomlarla təltif edilib. Həmçinin Komitənin kollektivi tərəfindən sərgidə iştirak edən bütün uşaqlara hədiyyələr də təqdim olunub.
Qeyd edək ki, iyunun 15-dək davam edəcək sərgidə 160-dək rəsm əsəri və əl işləri nümayiş etdirilir.