Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İnformasiya texnologiyaları mütəxəssislərinin xidmətə qəbulu ilə bağlı müsabiqə

İnformasiya texnologiyaları mütəxəssislərinin xidmətə qəbulu ilə bağlı müsabiqə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi informasiya texnologiyalarına aid struktur bölmələrdə vakant vəzifələr üzrə xidmətə qəbul ilə bağlı müsabiqə elan edir. Müsabiqə aşkarlıq və şəffaflıq prinsipləri əsasında təşkil edilir. 

Müsabiqədə iştirak üçün müraciət edən vətəndaşlar vakant vəzifənin tutulması üçün müəyyən edilmiş şərtlərə və tələblərə cavab verməlidir. Vakant vəzifənin tutulması üçün şərtlər və tələblər qanunvericiliklə və vəzifə təlimatı ilə müəyyən edilir.  

Müsabiqəyə çıxarılan vakant vəzifələr: 

  1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatı Rəqəmsal İdarəetmə Baş İdarəsi - 2 yer (inspektor)
  2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatı Kibertəhlükəsizlik şöbəsi - 2 yer (inspektor) 

Müsabiqədə yaşı 30-u keçməmiş, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən və vəzifənin tutulması şərtlərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. 

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.8.5-ci yarımbəndinə əsasən gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik namizədlər müsabiqənin test imtahanından azad edilirlər və onlarla yalnız müsahibə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 26 yanvar 2024-cü il tarixinədək Komitənin rəsmi internet saytına daxil olaraq “Komitə/Xidmətə qəbul/Müsabiqənin test imtahanı/Test imtahanına qeydiyyatla bağlı müraciət” bölməsinə daxil olmaqla müvafiq məlumat xanalarını doldurmalıdırlar. Məlumatları sistemə daxil etdikdən sonra namizədə elektron poçt ünvanı vasitəsi ilə iş nömrəsi və paroldan istifadə etməklə qeydiyyatdan keçməsi barədə məlumat göndərilir. Namizədlər bu məlumatı qəbul etdikdən dərhal sonra verilmiş iş nömrəsi və paroldan istifadə etməklə aşağıda qeyd olunan digər sənədləri “Komitə/Xidmətə qəbul/Müsabiqənin test imtahanı/Sənədlərin elektron qəbulu” bölməsindən istifadə etməklə təqdim etməlidirlər. Sənədlər 26 yanvar 2024-cü il tarixindən sonrakı 10 gün ərzində yoxlanılır və müraciətin qəbul edilməsi barədə məlumat namizədin elektron poçt ünvanına göndərilir.

 

Müsabiqədə iştirak etmək üçün elektron formada Komitənin rəsmi internet saytına yüklənməsi tələb olunan sənədlər aşağıdakılardır:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Ali təhsilə malik olmasını təsdiq edən sənədin surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Hərbi bilet və ya digər hərbi uçot sənədinin bütün səhifələrinin surəti.

Vətəndaşların təqdim etdiyi müvafiq sənədlər əsasında onların sahə üzrə bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi nəzərdə tutulur və bu mərhələdə gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəklər.

Yuxarıda qeyd olunan sənədlər tələblərə uyğun olmadıqda, yaxud natamam olduqda qəbul edilmir və aşkarlanmış çatışmazlıqlar namizədə izah olunur. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırıldıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Əks təqdirdə namizəd müsabiqədə iştirak etmək üçün qeydə alınmır.

Namizədlərin müsabiqədə iştirakı ilə bağlı qeydiyyatı üçün yuxarıda qeyd olunan müraciət müddəti bitdikdən sonra daxil olan müraciətlər qeydə alınmır.

Vətəndaşların gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim etdiyi sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Uyğunsuzluq aşkar edildikdə, vətəndaşa gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində yazılı formada məlumat verilir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.8.5-ci yarımbəndinə uyğun olaraq namizədlərlə müsahibə keçiriləcəkdir.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

Müsahibənin nəticəsinə görə ən çox 20 bal toplamaq mümkündür, ən azı 16 bal toplamış namizəd müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsahibə 6 fevral 2024-cü il tarixdən başlayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatında keçiriləcəkdir. 

Qeyd: Namizədlər qeydiyyatdan keçə bilmədikdə və ya bu zaman  hər hansı texniki problem yarandıqda Komitənin İnsan Resursları İdarəsi,  Rəqəmsal İdarəetmə Baş İdarəsi və Kibertəhlükəsizlik şöbəsinə müraciət edə bilərlər.

İnsan Resursları İdarəsi: (012) 404-22-00 (daxili: 0121)

Rəqəmsal İdarəetmə Baş İdarəsi: (012) 404-22-00 (daxili:0540)

Kibertəhlükəsizlik şöbəsi: (012) 404-22-00 (daxili: 0515)

Vakant vəzifələrin tutulması şərtlərini əhatə edən məlumatla buradan tanış ola bilərsiniz. 

12 Yanvar 2024 11:57
195