Dövlət Gömrük Komitəsinin sədri İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru ilə görüşüb
Martın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirib, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində aparılan islahatlar barədə məlumat verən Komitə sədri qeyd edib ki, həyata keçirilən yeniliklərin və innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Səfər Mehdiyev “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsi çərçivəsində İtaliya gömrük xidməti ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib, bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu deyib.
İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan razı qaldığını bildirib, bugünədək layihə ilə bağlı səmərəli iş aparıldığını vurğulayıb.
Marsello Minenna Azərbaycan gömrüyü ilə əməkdaşlığın təmsil etdiyi qurum üçün xüsusi önəm daşıdığını və əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, eləcə də tvinninq layihəsinin gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır. Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihəni İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyi icra edir. Tvinninq layihəsinin məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsini və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etməkdir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi