Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Moldova Respublikası Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Aprelin 27-də nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Sonra Moldova Respublikası Maliyyə Nazirliyinin Gömrük Xidmətinin direktoru İqor Talmazanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə görüşüb.
Görüşdə iki ölkənin gömrük orqanları arasında ilkin məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə saziş layihəsinin hazırlanması, güzgülü statistikanın aparılması, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) barədə Moldova gömrüyünün təcrübəsinin öyrənilməsi, mənşə sertifikatlarının elektron qaydada təqdim edilməsi imkanları, eləcə də operativ istintaq fəaliyyəti və hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nümunəvi təcrübənin Moldova gömrüyü tərəfindən öyrənilməsi və tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinə dair təqdimat nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi