Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Dövlət Gömrük Komitəsi

Azərbaycanın XXI əsrin astanasında müstəqillik əldə etməsi onun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Milli sərvətimiz olan müstəqilliyimizin dönməz xarakter alması, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dünya dövlətləri sırasında Azərbaycanın özünə layiqli yer tutmasında mühüm rol oynamışdır. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın yüksələn xətlə inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. Belə ki, ölkəmizdə qısa bir zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Azərbaycanın daim artan nüfuzu gömrük orqanlarında uğurların təminatçısı olmuş, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsində əvəzolunmaz rol oynamışdır. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Azərbaycan dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir.Odlar Yurdu Azərbaycan dünyanın çox qədim tarixə və zəngin mədəniyyətə malik məmləkətlərindən, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Avropanı Asiya ilə birləşdirən «İpək Yolu»nun Azərbaycandan keçməsi, Şərqlə Qərb və Cənubla Şimal arasında ticarət karvanlarının bir məkanda qovuşması nəticəsində bu diyarda ticarət və sənətkarlıq inkişaf etmişdir. Orta əsrlərə aid sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Belə ki, hələ IX yüzillikdə Azərbaycan ərazisində artıq gömrük vergiləri tətbiq olunurdu.XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər,  yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi. Rusiyanın bu yerlərə marağının artması, XIX yüzillikdə regionda yaranmış gərgin ictimai-siyasi vəziyyət Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə nəticələndi və imperiyanın iqtisadi sərhədləri cənuba doğru xeyli irəliləmiş oldu. Bakı şəhərində gömrükxana Rusiya imperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunmuş «Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə» Fərmanla yaradılmış və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də açılmışdı.Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkə rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar vermişdi. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılmış və müxtəlif iqtisadi orqanlara tabe etdirilmişdi.Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Azərbaycan Prezidenti Heydər Əliyev öz tövsiyələrini verərək qeyd etdi ki, "biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin".Prezident Heydər Əliyevin sərəncamına əsasən 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrük əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi.Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, bütövləşən ölkəmizin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmişdir.    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur.Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin həyata keçirildiyi ilk ölkə oldu) və sessiya iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbulu dövlət başçısının bu sahəyə xüsusi diqqətini, Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığı sahəsində atdığı müsbət addımların nəticəsi olaraq 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Elə həmin ildə ölkəmiz "BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası”na, 2000-ci ilin may ayında "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemə dair Beynəlxalq Konvensiya"ya, həmin ilin fevral ayında "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Cenevrə Konvensiyası, 1982-ci il), 2002-ci ilin fevral ayında "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya (Nayrobi Konvensiyası), 2003-cü ilin dekabr ayında isə "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (Kioto Konvensiyası) qoşulmuşdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan üçün Xüsusi Proqramı (SPECA) və neçə-neçə bu qəbildən beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq DGK-nın fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə 1995-ci ildə "Gömrük tarifi haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" (2011-ci ilin sentyabr ayında artıq yeni Gömrük Məcəlləsi qəbul edilib) və 1998-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamə, 1999-cu ildə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə, həmçinin 2001-ci ildə gömrük orqanlarının şərəf və şöhrət rəmzi olan "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında" və "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" qanunlar qəbul edilmişdir. 2001-ci ildə isə Dövlət Gömrük Komitəsinin Kollegiyası tərəfindən "Gömrük orqanı vəzifəli şəxsinin Şərəf Kodeksi" qəbul edilmişdir. Bu qanunların hər biri gömrük orqanlarının yerinə yetirməli olduğu vəzifə və səlahiyyətlərini daha aydın şəkildə müəyyən edir.Bir sözlə, DGK-nın fəaliyətini nizamlayan-gömrük nəzarəti, iqtisadi, statistik və hüquq-mühafizə xarakterli nəzəri-praktik əhəmiyyət kəsb edən sazişlər, müqavilələr, onların icra mexanizminə dair müxtəlif qərarlar, təlimatlar, əsasnamələr, qaydalar, konsepsiyalar, metodiki göstərişlər və s. hazırlanmış, təsdiq və tətbiq edilmişdir.2000-ci ildə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının, 2003-cü ildə isə Bakıda Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin və DGK-nın dünya standartlarına cavab verən Kinoloji Xidmət Mərkəzinin açılış mərasimləri həyata keçirilmişdir. 2006-cı ildə Dövlət Gömrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və müasir Server Xidməti istifadəyə verilmiş, 2011-ci ildə isə ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılış mərasimi həyata keçirilmişdir.  Dövlət Gömrük Komitəsi gömrük işinin təşkili prosesində informasiya texnologiyalarının tətbiqini, rəqəmsallaşmanı daim genişləndirir. Həyata keçirilən tədbirlər çərçivəsində 2016-cı ildə elektron bəyanetmə prosesinə start verildi.“Smart customs” layihəsinin tətbiqi hesabına bütün gömrük əməliyyatlarının mobil cihazlardan həyata keçirilməsi imkanı yaradıldı.  Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatar çərçivəsində son illərdə gömrük sistemində  qabaqcıl beynəlxalq təcrübələrə və  çağırışlara, elmi yanaşmalara uyğun olaraq təkmilləşdirilmələr aparılır. Bu məqsədlə 2022-ci ildə Gömrük Xidmətinin Fəaliyyət Proqramı təsdiq edildi və şəffaflıq, məmnuniyyət, rəqəmsallaşma, dayanıqlı gömrük ödənişləri, güclü və güvənli hüquq-mühafizə tədbirləri gömrük orqanlarının strateji hədəfləri kimi müəyyənləşdirildi.   2023-cü ildə Azərbaycan gömrük xidmətinin fəaliyyət konsepsiyası-“Gömrük İnkişaf Modeli” hazırlandı və gömrük sistemində həyata keçirilməsi nəzərdə tutulan layihələr, yeniliklər, təkmilləşdirilmələr bu konsepsiyaya uyğunlaşdırılır.   Gömrük xidmətinin yeni Fəaliyyət Planına uyğun olaraq tətəbiq edilən ilk layihələrdən biri “Elektron hesab səhifəsi”dir. Maliyyə uçot sisteminin düzgün qurulmasına əlavə imkanlar yaradan bu layihə, eyni zamanda gömrük ödənişləri, inzibati cərimələr  və digər ödənişlər üzrə büdcə ilə qarşılıqlı hesablaşmaları  vahid məkanda birləşdirdi.      Müasir texnologiyaların, rəqəmsal həllərin gömrük sistemində tətbiq edilməsi Azərbaycan gömrük xidmətinin strateji hədəflərindəndir. Bu məqsədlə Azərbaycan gömrük xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq 2024-cü ilin əvvəlindən tətbiqinə başlanan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsinə, əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, uçot sisteminin düzgün qurulmasına əlavə imkanlar yaratdı.    “ÖZÜNET”, “Smart bot” layihələri vətəndaşlar, eyni zamanda sahibkarlar üçün gömrük xidmətlərinin əlçatanlığının, şəffaflığın və məmnuniyyətin artırılması, rəqəmsallaşmanın genişləndirilməsi baxımından əhəmiyyətli oldu.Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz boyunca yüklərin asan və sürətli şəkildə daşınması üçün rəqəmsal, həmçinin sadələşdirilmiş gömrük həllərinin tətbiqini nəzərdə tutur. Bir sözlə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətlə  inkişaf edir.
Ətraflı

Elektron gömrük xidmətləri

Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarət iştirakçılarına təqdim olunan elektron xidmətlərin siyahısı
Ətraflı

Biznes üçün faydalı alətlər

Gömrük-biznes əməkdaşlığı çərçivəsində xarici ticarət iştirakçılarının istifadəsi üçün tətbiq olunan üsullar və faydalı məlumatlar
Ətraflı

Cəmiyyət üçün faydalı məlumatlar

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarına dair məlumatlar
Ətraflı

Xəbərlər

Hamısına baxmaq
Gömrük rüsumu üzrə:
ƏDV üzrə:
Aksizlər üzrə:
Yol vergisi üzrə:
CƏMİ (min manatla):
Valyuta
Kurs
USD
1.7
EUR
1.7803
GBP
2.139
RUB
1.6785
TRY
0.0492
Bağırov Şahin Soltan oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Virtual qəbul

Hörmətli vətəndaşlar!
Xarici iqtisadi fəaliyyətinizlə və gömrük prosedurları ilə bağlı problemlərinizi Komitə səviyyəsində həll edilməsi zəruriyyəti yarandığı halda Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə birbaşa əlaqə yarada bilərsiniz.
Virtual qəbul

"Smart Customs" mobil tətbiqi

Fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlər "Smart Customs" tətbiqi ilə bəyan edilməlidir.

Gömrük İNKİŞAF Modeli

Düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirmək
Ətraflı
195